İQTİSADİYYAT
KOBİA sədri: Rəqəmsallaşma bütün bizneslər, o cümlədən KOB subyektləri üçün mühüm əhəmiyyət kəsb edir
Bakı, 30 sentyabr, AZƏRTAC
Rəqəmsallaşma bütün bizneslər, o cümlədən KOB subyektləri üçün mühüm əhəmiyyət kəsb edir. Dünya İqtisadi Forumunun ehtimallarına əsasən, qarşıdakı 10 illik dövrdə qlobal iqtisadiyyatda yaradılacaq əlavə dəyərin təqribən 70 faizi rəqəmsal platformalara əsaslanacaq.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sentyabrın 30-da Bakıda keçirilən KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimində deyib.
“Son illərdə şahidlik etdiyimiz makroiqtisadi şoklar və qeyri-müəyyənliklər sahibkarlıq fəaliyyətinə də təsirsiz ötüşməyib, onların yaranmış yeni reallıqlarla ayaqlaşmaq potensialını sınağa çəkib. Məhz rəqəmsal texnologiyalar bizneslərə iqtisadi mühitdə olan mənfi təsirləri aradan qaldırmaq, innovativ inkişaf etmək və fəaliyyətini bazarda olan dəyişiklərə uyğunlaşdırmaq imkanı yaradır. Artıq rəqəmsal texnologiyalar həm şəxsi, həm də iş həyatımızın tərkib hissəsinə çevrilib. Ötən ilin göstəricilərinə əsasən ölkəmizdə kompüterlərdən istifadə edən müəssisələrin nisbəti 60 faizdən çox, internetə çıxışı olan müəssisələrin nisbəti isə 60 faizə yaxındır. 2019-2023-cü illər ərzində bizneslərin proqram təminatı və İKT avadanlıqları üzrə xərcləri 2,3 dəfə artaraq 300 milyon manata yaxınlaşıb. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da fəaliyyətdə olan biznes subyektlərinin mütləq əksəriyyətini rəqəm ilə ifadə etsək, 99 faizdən də çox hissəsini KOB-lar təşkil edir. Bu baxımdan onların inkişafı və rəqəmsallaşma səviyyəsi bütövlükdə ölkə iqtisadiyyatının, cəmiyyətin rəqəmsallaşma dərəcəsini göstərir”, - deyə O.Məmmədov əlavə edib.