Komitə sədri: Gələn il Ağdamda Uşaq və Ailələrə Dəstək Mərkəzi tikiləcək
Bakı, 4 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binası istifadəyə verildi. Deməliyəm ki, 2 il müddətində tikintisi başa çatdırılmış, ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş mərkəz təkcə İsmayıllıda deyil, həm də ətraf rayonlarda ehtiyacı olan insanların və ailələrin problemlərinin həllində dəstək göstərəcək. Nəzərə alsaq ki, əvvəllər çox məhdud imkanlarla fəaliyyət göstərən Mərkəz indiyədək on min müraciəti araşdırıb, qırx minədək insana xidmət göstərib. Bu mərkəz istifadəyə verildikdən sonra buraya olan müraciətlərin sayının artacağını düşünürəm. Nəzərə alsaq ki, bu sahədə problemler var və bizim bütün regionlarda belə mərkəzlərimiz yoxdur.
Bu fikirləri jurnalistlərə müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.
Bahar Muradova vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət büdcəsinə belə müəssələrin tikilməsi təklifi ilə müraciət edib. “Gələn il üçün biz işğaldan azad olunmuş Ağdamda belə bir mərkəzin tikilməsinin layihəsi üzərində işləyirik. Yaxın zamanlarda onu istifadəyə verməyə çalışacağıq. Çünki bu sahədə sosial-psixoloji xidmətə ehtiyacı olan insanlarımız çoxdur. Xüsusilə müharibədən zərər çəkənlər, qazilər, şəhid ailələri, zorakılığa və şiddətə məruz qalmış ailələrin nümayəndələri bu xidmətlərdən yararlana biləcəklər”, - deyə o əlavə edib.