SİYASƏT
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir
Bakı, 9 iyul (AZƏRTAC). Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.
AZƏRTAC xəbər verir ki, iclasda Sumqayıt Apelyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsi qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin təmin olunub-olunmamasından asılı olmayaraq, işdə iştirak edən şəxslərin məhkəmə qərardadından şikayət vermək hüququnu ehtiva edir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.