KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, F.Abdullayev rəhbəri olduğu qurum ilə ATƏT-in Bakıdakı nümayəndəliyi arasında əməkdaşlığı yüksək qiymətləndirərək, Konstitusiya Məhkəməsinə fərdi şikayətlə müraciət qaydaları və həmin şikayətlərin Konstitusiya Məhkəməsində öyrənilməsinin üsulları ilə bağlı sentyabrın sonundan respublikanın ayrı-ayrı şəhər və bölgələrində birgə keçirilən təlim-seminarların hazırlanmasında kömək və dəstək göstərildiyinə görə nümayəndəliyə təşəkkürünü bildirmiş, bu cür tədbirlərin cəmiyyətin hüquqi çəhətdən maarifləndirilməsi və Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların daha səmərəli qorunması üçün böyük rol oynadığını bildirmişdir. Qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Avropa konstitusiya nəzarəti orqanlarının təcrübəsinə böyük maraq göstərir, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətini daim diqqət mərkəzində saxlayaraq, bu beynəlxalq məhkəmənin qərarlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində baxılan işlərdə tətbiq edir, müasir Avropa Konstitusiya hüququnun inkişaf meyillərini yaxından izləməyə çalışır.
ATƏT-in Bakı ofisi ilə Konstitusiya Məhkəməsi arasında əməkdaşlığı yüksək qiymətləndirən M.Pavezi bu əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır. Qonaq demişdir ki, Konstitusiya Məhkəməsi vətəndaş cəmiyyətinin formalaşmasında böyük rol oynayır və fərdi şikayətlə müraciət mexanizmi insanların hüquq və azadlıqlarının məhkəmə vasitəsilə qorunması üçün gözəl əsas yaradır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunmuşdur.