CƏMİYYƏT
“Könüllü qəhrəmanların toplantısı” adlı görüş keçirilib
![](/files/galleryphoto/2020/2/1200x630/15893748765902441130_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1589374876281219047_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/2/1200x630/15893748762067331494_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/2/1200x630/158937487613839415_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/2/1200x630/15893748762548410978_1200x630.jpeg)
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan könüllülərin, AKƏM katibliyinin, təsisçi könüllülər təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında “Könüllü qəhrəmanların toplantısı” adlı görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşə respublikanın şəhər və rayonlarında fəaliyyətdə olan 300-ə yaxın könüllü cəlb olunub.
Görüşdə könüllülər gördükləri işlər barədə məlumat verib, fəaliyyətin səmərəsinin daha da artırılması üzrə, habelə postpandemiya dövründə atılacaq addımlarla bağlı təkliflərini bildiriblər. Aprel ayında xüsusi fəallığı ilə seçilən və “Ayın könüllüsü” nominasiyasında mükafata layiq görülən 21 könüllünün adları elan edilib.
Bu formatlı görüşlərin davamlı keçirilməsi və könüllülərlə daimi ünsiyyət platforması olaraq istifadə edilməsi nəzərdə tutulur.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, könüllü təşkilatları və hərəkatları tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə yaradılıb. Mərkəzin fəaliyyətə başladığı 2020-ci il martın 27-dən ötən dövrdə müxtəlif tədbirlər və aksiyalar, o cümlədən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu” və “Könüllü donor” aksiyaları həyata keçirilib. AKƏM-in təşəbbüsü ilə keçirilən aksiyalarda 57 şəhər və rayonda 201 könüllü əlaqələndirici və 1545 nəfər daimi fəaliyyətdə olan könüllü 11 mindən çox yaşlı şəxsə və aztəminatlı ailəyə sosial xidmət göstərib.
Qeyd edək ki, katiblik funksiyası Azərbaycan Respublikasının Gənclər Fonduna həvalə edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin idarə edilməsi onun üzvləri olan “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya könüllüləri” qrupu, “Ekokönüllüləri” qrupu, “Azərbaycan Diaspor Könüllüləri” proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” hərəkatı tərəfindən həyata keçirilir.