CƏMİYYƏT
“Könüllü TƏBİB” layihəsinə start verilib
Bakı, 3 may, AZƏRTAC
Tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması nəticəsində klinik bacarıqlarının yüksəlməsi və gələcəkdə məzun olacaq tələbələrin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində işləməsinə marağın artırılması və həmçinin tibb müəssisələrinə öncədən adaptasiyası, icbari tibbi sığorta sistemi və tətbiqini öyrənməkdə köməkliyin göstərilməsi məqsədilə “Könüllü TƏBİB” layihəsinə start verilib.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, “Könüllü TƏBİB” layihəsi çərçivəsində kolleclərdə təhsil alan tələbələrin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunması nəzərdə tutulub.
Layihə çərçivəsində ilk olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan 2 nömrəli Bakı Baza Tibb Kollecində görüş keçirilib. Görüşdə TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, TƏBİB-in və kollecin aidiyyəti üzrə əməkdaşları, kollecdə təhsil alan tələbələr iştirak ediblər.
Təqdimatla çıxış edən Günəş Qədimova “Könüllü TƏBİB” layihəsi barədə iştirakçıları məlumatlandırıb, 2 saylı Bakı Baza Tibb Kollecinin ilk pilot kollec olaraq təyin edildiyini qeyd edib.
Daha sonra çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva təhsil müəssisəsi barədə məlumat verib. Kollec tələbələrinin tibb müəssisələrində könüllü işə cəlb olunmasını yüksək qiymətləndirib, layihəyə uğurlar arzulayıb.
Qeyd edək ki, “Könüllü TƏBİB” layihəsi çərçivəsində ölkə üzrə tibb kollecləri ilə görüşlərin mütəmadi keçirilməsi, kolleclərdə təhsil alan tələbələrin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunması nəzərdə tutulub.