KOREYA TƏCRÜBƏSİNİN ÖYRƏNİLMƏSİNƏ HƏSR OLUNMUŞ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Seminarın açılış mərasimində çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yüksələn xətlə inkişaf edən Azərbaycan-Koreya Respublikası münasibətlərinin hazırkı durumundan, əməkdaşlıq sahəsinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən söhbət açmış, bu yaxınlarda respublikamızda keçirilən Koreya Respublikası Mədəniyyəti və Kinosu günlərinin ölkələrimiz arasındakı mövcud əlaqələrə yeni impuls verdiyini diqqətə çatdırmışdır.
Strateji tərəfdaş kimi, Koreya Respublikası ilə istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin gömrük sahəsinə də təsirsiz ötmədiyini deyən komitə sədri, bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu bildirmiş, keçirilən seminarı ölkələrimizin gömrük xidmətləri arasında mövcud əməkdaşlığın inkişafı naminə atılan uğurlu addımlardan biri kimi səciyyələndirmişdir.
Aydın Əliyev bildirmişdir ki, ulu öndər Heydər Əliyevin gömrük sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün verdiyi dəyərli tövsiyələrdən biri də informasiya texnologiyalarının tətbiqi və kadr potensialının gücləndirilməsi idi və bu gün ümummilli liderin tövsiyələri artıq yerinə yetirilməkdədir.
Koreya Respublikası Gömrük Xidmətinin tədqiqat və texnologiyalar üzrə direktoru Bayk Hyun Çu seminarın təşkilinə görə təşəkkürünü bildirərək, İKT-nin tətbiqini zəruriləşdirən amillərdən danışmışdır. O qeyd etmişdir ki, İKT cəmiyyətimizin bütün fəaliyyət sahələrində, o cümlədən gündəlik həyatımızda hərəkətverici qüvvə qismində çıxış edir.
Qonaq Azərbaycan və Koreya Respublikası gömrük xidmətləri arasında əməkdaşlığın qarşılıqlı səmərəli fəaliyyəti nəticəsində daha da inkişaf edəcəyinə, keçirilən seminarın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirmişdir.
Sonra seminar işini davam etdirmiş, koreyalı mütəxəssislər gömrük sahəsində təcrübələrindən danışmış, o cümlədən, slaydların köməyi ilə, informasiya texnologiyalarının tətbiqi sahəsində görülmüş işlər barədə yerli gömrük əməkdaşlarını məlumatlandırmışlar.
Seminar aprelin 9-da başa çatacaqdır.