SİYASƏT
KOREYALI GƏNCLƏR ŞƏKİDƏ OLMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin 2007-ci il 21 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Koreya Respublikası Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, koreyalı gənclərdən ibarət ilk nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində avqustun 16-da Şəkidə olmuşdur.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov qonaqlarla görüşdə ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində belə səfərlərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Nümayəndə heyətinin üzvlərinə Şəkinin qədim tarixi, mədəniyyəti, abidələri, iqtisadiyyatı, özünəməxsus milli adət-ənənələri, gənclərlə bağlı aparılan iş və digər məsələlər barədə ətraflı məlumat vermişdir.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir.
Daha sonra koreyalı qonaqlar şəhərin görməli yerlərini gəzmiş, “Şəki-İpək” ASC-də istehsal prosesi ilə maraqlanmış, Kiş kəndindəki qədim alban məbədi, Şəki xanlarının sarayı və XIX əsrə aid memarlıq abidəsi Yuxarı Karvansara ilə tanış olmuşlar.