KŞİŞTOF ZANUSSİ BSU-NUN QONAĞIDIR
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Şərq-Qərb” kinofestivalında iştirak etmək üçün Bakıya gəlmiş məşhur polyak rejissoru Kşiştof Zanussi və sənətşünas Mira Naviarova iyunun 4-də BSU-nun qonağı olmuşlar.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev qonaqlara universitetdə polyak dilinin tədrisi, buradakı Polyak Mədəniyyəti Mərkəzinin fəaliyyəti və Polşa ali məktəbləri ilə əlaqələr barədə məlumat vermişdir.
Kşiştof Zanussi BSU-nun polonistika şöbəsinin tələbələri ilə görüşdə özü və yaradıcılığı barədə, Polşa kinosu haqqında məlumat vermişdir. İxtisasca fizik olan bu məşhur kinorejissor indi jurnalistika ilə də maraqlanır, felyetonlar yazır. Bakıya ilk dəfə gəlsə də, polyak yazıçısı Jeromskinin XX əsrin hadisələrindən bəhs edən “Erkən bahar” kitabından Azərbaycan haqqında xeyli məlumat aldığını demişdir. O dövrdə Bakıda xeyli polyak yaşayırdı. Onlar bolşeviklərə qarşı mübarizədə iştirak edir, Azərbaycan paytaxtında gözəl binalar tikirdilər. Rejissor qeyd etmişdir ki, həmin dövrdə polyaklar hətta Azərbaycan parlamentində də təmsil olunmuşdular.
K.Zanussi bildirmişdir ki, hazırda o, Rüstəm İbrahimbəyovla birlikdə yeni layihə üzərində işləyir.