“Kukla” art qalereyasının saytının təqdimatı keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Muzey Mərkəzində “Kukla” art qalereyasının saytının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Kukla” art qalereyasının rəhbəri Lalə Kazımova qalereya və saytın yaradılması haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycanda və Cənubi Qafqazda ilk “Kukla” incəsənət qalereyası 2013-cü il aprelin 23-də açılmışdır.
Bu sahədə həyata keçirilməsi nəzərdə tutulan kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının əsərlərinin ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir. Bu, kukla sənəti ilə məşğul olanlara peşəkarlıqlarını artırmağa, işlərinin dünyanın ən yaxşı sərgi meydançalarında layiqincə təqdim etməyə imkan yaradacaqdır.
Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan “Kukla” art qalereyası, bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin sakinləri və qonaqları üçün maraqlı və cazibədar məkana çevrilməkdədir.
Sonra “Kukla” art qalereyasının saytı www.artkukla.az təqdim edilmişdir.
Bildirilmişdir ki, sayt Azərbaycan, rus və ingilis dillərindədir, “Əsas”, “Qalereya”, “Müəlliflər”, “Ekspozisiya”, “Xəbərlər”, “Mətbuat”, “Əlaqə” bölmələrindən ibarətdir. Saytı facebook və youtube sosial şəbəkələrində də izləmək mümkündür.
Təqdimat başa çatdıqdan sonra Kukla Müəllifləri Beynəlxalq Birliyinin prezidenti Svetlana Pçelnikova tədbir iştirakçılarına kukla art sənəti üzrə ustad dərsi keçmişdir.