Küləkli havada baş vermiş hadisə nəticəsində daha bir nəfər xəsarət alıb – YENİLƏNİB
Bakı, 27 iyul, AZƏRTAC
Güclü küləyin təsiri nəticəsində daha bir nəfər, 2021-ci il təvəllüdlü şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aparılan müayinələr nəticəsində pasiyentə sağ əlin ikinci barmağının əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə rentgen müayinəsi edilib, azeptik sarğı və gips langet qoyulub.
Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
17:59
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 1961-ci il təvəllüdlü qadın və 1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunublar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.
Digər psiyentə sol pəncənin 3-cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara birincili işlənib və aseptic sargı qoyulub.
Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
“Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.