KULTUROLOQLARIN I BEYNƏLXALQ BAKI FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 6-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təkşilatçılığı ilə Muzey Mərkəzində kulturoloqların I Beynəlxalq Bakı forumu keçirilmişdir.
Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq bildirmişdir ki, bu beynəlxalq tədbir Azərbaycanda mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafını təmin etmək məqsədilə keçirilir. Forumda Fransanın, Almaniyanın, Rusiyanın, Qazaxıstanın və Gürcüstanın tanınmış alimləri ilə yanaşı, yerli alimlərin də məruzələrinin dinləniləcəyini diqqətə çatdıran nazir vurğulamışdır ki, Forumun əsas istiqamətverici mövzusu: “Mədəniyyət siyasətinin sosial əhəmiyyəti”dir.
Ə.Qarayev mövzu çərçivəsində mədəniyyətin sosial təzahür formalarının, siyasi potensiallarının, cəmiyyətin mütərəqqi qüvvələrinin səfərbər olunmasında mədəniyyətin rolu və s. məsələlərin geniş müzakirə olunacağına əminliyini bildirmiş və Forumun işinə uğurlar arzulamışdır.
Tədbirdə Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu üzrə Akademiyanın professoru, fəlsəfə elmləri doktoru Olqa Astafyeva “Mədəniyyət siyasəti: subyektlərin məsuliyyəti və hüquqları”, “Simurq” Azərbaycan mədəniyyət assosiasiyasının prezidenti, tarix elmləri doktoru, professor Fuad Məmmədov “Dövlət quruculuğunda və idarəetməsində kulturologiyanın strateji əhəmiyyəti”, Bundesver Akademiyasının nəzdində elmi forumun həqiqi üzvü, professor Rau İoqann “Siyasi mədəniyyətin fəlsəfi əsasları”, Tbilisi Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Nino Çikovani “Mədəniyyət siyasəti və mədəni tədqiqatlar”, Əl-Fərabi adına Almatı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Tursun Gabitov “Mədəniyyətlərarası dialoq kontekstində qazaxların milli ideyası”, Fransadakı Aix De Maurivelle Universitetinin professoru Yana Prosperini “Mədəniyyət və gözəllik problemi”, Azərbaycan Futurologiya Cəmiyyətinin prezidenti Reyhan Hüseynova “Mədəniyyətlərarası dialoqdan effektiv əməkdaşlığa və bərabərhüquqlu inteqrasiyaya doğru” mövzularında məruzələr etmişlər.
Məruzə və çıxışlarda kulturologiyanın müxtəlif istiqamətlərindən, onun bir elm kimi cəmiyyətin inkişafındakı rolundan ətraflı söz açılmışdır.
######
