REGİONLAR
KÜMDARLARA 4 MİN QUTU İPƏKQURDU TOXUMU PAYLANILMIŞDIR
“Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətindən (ASC) AZƏRTAC-a bildirmişlər ki, cari mövsümdə ASC tərəfindən respublikamızın 14 baramaçılıq rayonunda kümdarlara ümumilikdə 4 min qutu, yəni 116 kiloqram ipəkqurdu toxumu paylanılmışdır. Çindən gətirilmiş yüksək məhsuldar və xəstəliklərə davamlı ipəkqurdu toxumu, habelə dərman preparatları və digər ləvazimatlar kümdarlara pulsuz verilmişdir. Cəmiyyətdən bildirmişlər ki, yemləmə düzgün aparılarsa, iyunun birinci ongünlüyündən etibarən respublikamızda barama tədarükünə başlanılacaqdır. 2007-ci ildə respublikada yaş barama istehsalının 180-200 tona çatdırılması nəzərdə tutulur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Səhmdar Cəmiyyəti bu il yaş baramanın satınalma qiymətini də 50 faiz artırmış, hər kiloqram üçün 3 manat müəyyən etmişdir.