Kürdəmirli pambıqçılara sahələrin zərərverici və xəstəliklərdən qorunması ilə bağlı tövsiyələr verilib
Kürdəmir, 14 may, AZƏRTAC
Mayın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Kürdəmir rayonunda “Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerlərlə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, açıq sahədə görüşün keçirilməsində əsas məqsəd pambıq sahəsində yaz-tarla işlərinin aparılması, pambığın becərilmə texnologiyasında bütün aqrotexniki qaydalara riayət edilməsi, pambıq sahələrinin zərərverici və xəstəliklərdən qorunması istiqamətində aparılması nəzərdə tutulan mübarizə tədbirləri və digər məsələlərlə yaxından tanış olmaqdır.
Camal Quliyev fermerlərlə söhbətində bildirib ki, pambıqçılıq sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün əsas payız şumundan əvvəl torpağa fosfor və kalium gübrələrinin verilməsi, dondurma şumunun həyata keçirilməsi, zərərvericilərlə vaxtında mübarizə aparılması vacibdir. Mübarizə aparılan zaman eyniadlı pestisidlərdən ardıcıl olaraq istifadə etmək düzgün deyil, çünki zərərvericilərdə həmin preparatlara qarşı davamlılıq yaranır və təsir qüvvəsi zəifləyir. Sahələrin çoxunda normal bitki çıxışı alınıb ki, bu da əkin prosesi zamanı aqrotexniki tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlıdır. “Bizim burada olmağımızın əsas səbəbi pambıq sahələrində aqrotexniki və bitki mühafizəsi tədbirlərinin vaxtında həyata keçirilməsini təmin etmək və bu sahədəki problemləri yerində araşdırmaqdır. Əgər aqrotexniki qaydalara vaxtında düzgün əməl olunmasa, sahələrdə bitki seyrəkliyi və bitkinin zəif inkişaf etməsi baş verəcək ki, bu da sonda məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər”, - deyə C.Quliyev vurğulayıb.
Qeyd edilib ki, hazırda havanın yağıntılı və sərin keçməsi pambıq sahələrində mənənələrin çoxalmasına münbit şərait yaradıb. Mütəxəssis və fermerlər diqqətli olmalı, ehtiyac olan yerlərdə mənənələrə qarşı mübarizə tədbirlərini mütəşəkkil qaydada həyata keçirilməlidirlər.
Görüşdə fermerlər pambıq bitkilərinin becərilməsi zamanı qarşılaşdıqları problemləri dilə gətiriblər. Fermerlərin qarşılaşdıqları problemlər yerindəcə müzakirə edilib və onlara problemlərin həlli ilə bağlı müvafiq tövsiyələr verilib.
Sonda iştirakçılara pambıq bitkisinin zərərvericilərdən müasir üsullarla mühafizə edilməsi ilə bağlı bukletlər paylanılıb.