Küveyt ictimaiyyəti Şuşanın işğalı barədə məlumatlandırılıb
Bakı, 13 may, AZƏRTAC
Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü ilə bağlı səfir Elxan Qəhrəmanın Küveytin geniş oxucu kütləsinə malik olan "Dasmannews" elektron portalında müsahibəsi dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanın 1992-ci ildə zəbt olunmuş Şuşa şəhərinin işğalının ildönümü” başlıqlı müsahibədə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, müsahibədə Azərbaycanın Şuşa şəhərinin 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunduğu qeyd edilib. Bildirilib ki, işğal nəticəsində Şuşanın azərbaycanlı əhalisi öz doğma torpaqlarından didərgin düşüb.
Müsahibədə Qarabağ hakimi Pənahəli xan tərəfindən 1756-cı ildə salınan Şuşa şəhərinin tarixi barədə məlumat verilib və Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, şəhər və kəndlərimizin dağıdıldığı qeyd olunub. Məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələrin qəbul edildiyi vurğulanıb. Müsahibədə Şuşa şəhərinin Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri olduğu bildirilir, Azərbaycanın ermənilər tərəfindən dağıdılan maddi mədəniyyət abidələri, muzeyləri, məscidləri, nadir əlyazmaları və təhsil ocaqları barədə məlumat verilir.