REGİONLAR
Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB












Laçın, 28 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhərinə köçən daha 25 ailə mənzillərinin açarlarını təhvil alıb.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.
ANAMA-nın əməkdaşları Laçına köçən yeni ailələrə mina və partlamamış sursatlar barədə məlumat verib, təhlükəli, yoxlanılmamış ərazilərə daxil olmamağı tövsiyə ediblər.
16:44
Dekabrın 28-də Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında paytaxtın Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri bu dəfə 25 ailəyə qucaq açıb və daha 80 nəfərin yurd həsrəti bitib.
Keçmiş məcburi köçkünlər şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar və Laçın şəhərinin gözəl mənzərəsini seyr ediblər.
Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Laçın şəhərində 408 ailə, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.