Latviyanın əvvəlki hökumətinin nazirlərinin istifadə etmədikləri məzuniyyətlərin əvəzində onlara kompensasiya ödəniləcək
Bakı, 31 yanvar, AZƏRTAC
Latviyanın əvvəlki hökumətində nazir və nazirin köməkçisi vəzifəsində işləmiş şəxslərə ümumilikdə 373.505 avro məbləğində kompensasiya ödəniləcək.
AZƏRTAC LETA agentliyinə istinadla xəbər verir ki, Latviya Nazirlər Kabineti bu barədə sərəncamın layihəsinə fevralın 5-də keçiriləcək iclasında baxacaq.
Baş nazir Maris Kuçinskisin rəhbərlik etdiyi Nazirlər Kabinetinin üzvlərinə, Baş nazir bürosunda çalışan vəzifəli şəxslərə və məsləhətçilərə, habelə nazirliklərdə vəzifə borclarının yerinə yetirilməsini başa çatdırmış parlament katiblərinə işdənçıxma müavinətləri və istifadə etmədikləri məzuniyyətlərə görə kompensasiyalar ödənilməsini təmin etmək üçün əvvəlcədən nəzərdə tutulmayan xərclər kimi 373.505 avro məbləğində vəsait ayrılması planlaşdırılır.
Bu məbləğdən 98.482 avro Dövlət Dəftərxanasına, o cümlədən 53.934 avro M.Kuçinsksin məsləhətçilərinə kompensasiya ödənilməsi üçün nəzərdə tutulur.
Nazirliklərin sabiq işçilərinə kompensasiya ödənilməsi üçün Müdafiə Nazirliyinə 22.397 avro, İqtisadiyyat Nazirliyinə 27.103 avro, Maliyyə Nazirliyinə 39.388 avro, Daxili İşlər Nazirliyinə 22.563 avro, Təhsil və Elm Nazirliyinə 14.173 avro, Əkinçilik Nazirliyinə 10.219 avro, Yollar Nazirliyinə 30.815 avro, Rifah Nazirliyinə 27.402 avro, Ədliyyə Nazirliyinə 35.817, Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyinə 21.323, Səhiyyə Nazirliyinə 23.823 avro məbləğində vəsait ayrılması planlaşdırılır.
Kuçinskisin rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabinetində 13 nazir işləyirdi. Onların hər birinin öz bürosu və bir neçə müşaviri vardı.
Krişyanis Karinşin rəhbərliyi ilə yeni Nazirlər Kabinetinin heyəti Seym tərəfindən yanvarın 23-də təsdiq edilib.