Lənkəran Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib
Lənkəran, 29 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 29-da Lənkəran Dövlət Universitetində (LDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən danışıb.
Qeyd olunub ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırımı günündən bizi bir əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır.
Natiq İbrahimov 1992-ci il fevralın 26-da ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımını xatırladaraq baş verənlərin bir daha təkrarlanmaması üçün gənc nəsli ayıq-sayıq olmağa, keçmişin ibrət dərslərindən nəticə çıxarmağa, ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi vəhşilikləri, törətdiyi dəhşətli soyqırımları unutmamağa çağırıb.
Konfransda tarix və onun tədrisi metodikası kafedrasının müdiri, professor Arif Məmmədovun “31 martda azərbaycanlılara qarşı törədilən qırğınlar genosid aktı kimi” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə soyqırımının baş verdiyi tarixi-siyasi şərait ətraflı təhlil edilib. Qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə, qarətlərə məruz qaldığını deyən Arif Məmmədov ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının dosenti Mirhüseyn Abbas məruzəsində 1918-ci ilin martında Lənkəran quberniyasında baş verən hadisələrdən söz açıb.
Bildirib ki, təkcə bu quberniyada 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, kəndlər viran qoyularaq əhalinin min zülmlə əldə etdiyi varidatı talan edilib.
Dosent Mirhüseyn Abbas 31 mart soyqırımının ədəbiyyatımızda əksi məsələsini geniş təhlil edərkən qeyd edib ki, bu mövzuda əsərlərin yazılmasına və təbliğinə böyük ehtiyac var.
Konfrans erməni vəhşiliklərini əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.