Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 174 min manatdan çox güzəştli kredit verilib
Bakı, 6 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun aprelin 6-da Cəlilabad rayonunda keçirdiyi işgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 174 min manatdan çox güzəştli kredit verilib. Kreditlər heyvandarlığın, həmçinin ət, meyvə emalı və s. sahələrin inkişafına yönəldiləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, soya, noxud və mərci əkini təsərrüfatlarının, süd emalı, quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövründə sahibkarların ümumi dəyəri 360 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 51 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5200-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 121,2 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Cəlilabadda güzəştli kredit ayrılan aqroparka baxış keçirilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aqroparkların yaradılması prosesi sürətlə həyata keçirilir. Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə 45 aqropark yaradılmaqdadır. Ümumi dəyəri 398 milyon manat olan 15 aqroparkın yaradılmasına 107,6 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Cəlilabad rayonunda yaradılıb. 1600 hektar ərazidə iri fermer təsərrüfatının və 500 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksinin, gündəlik emal gücü 20 ton olan süd emalı zavodunun və illik gücü 1000 ton ət kəsimi olan fabrikin daxil olduğu aqroparkda ikinci mərhələ üzrə işlər davam etdirilir.