Lənkəranda “Ana heykəli” ziyarət olunub
Lənkəran, 26 fevral, İlkin Adıyev, AZƏRTAC
İki əsrdən artıq müddətdə erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının 34-cü ildönümü Lənkəranda da ehtiramla anılıb, şəhərin müxtəlif məkanlarında faciə qurbanlarının xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimi Lənkəran şəhərində azərbaycanlıların soyqırımı qurbanlarının xatirə parkında yerləşən “Ana heykəli”nin önündə keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri abidə önünə tər güllər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında “Xocalıya qayıtdıq” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Rayon ərazisində dövlət bayraqları yarıyadək endirilib, gün ərzində “Ana heykəli” sakinlər tərəfindən ziyarət edilib. Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində anım tədbirləri və faciəyə həsr olunmuş dərslər keçirilib, mədəniyyət müəssisələrində foto, rəsm və kitab sərgiləri təşkil edilib.