Lənkəranda çoxmənzilli yaşayış binalarının əsaslı təmiri davam etdirilir
Lənkəran, 9 iyun, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılan vəsait hesabına 2015-ci ildən başlayaraq Lənkəran rayonunda qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binaları mərhələli şəkildə əsaslı təmir edilir.
Artıq 15 çoxmənzilli binada bərkitmə-möhkəmləndirmə işləri görülüb, zirzəmilər betonlanıb, yeni su-kanalizasiya xətləri çəkilib, dam örtükləri başdan-başa dəyişdirilib, pilləkən qəfəsləri və fasadlar təmir olunaraq yenidən rənglənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, rayonda qəzalı vəziyyətdə olan binalarda təmir-bərpa işləri davam etdirilir.
Bu günlərdə Lənkəran şəhərinin Nizami küçəsi 88, 90, 92 nömrəli binalarda bərkitmə və izolyasiya işləri başa çatdırılıb, kanalizasiya sistemləri yenidən qurulub, fasadlarda suvaqlanma işləri tamamlanıb, mənzillərin köhnə pəncərələri yeni plastik pəncərələrlə əvəz olunub.
Hazırda bu binaların bloklarında pilləkən qəfəsləri və fasadlar təmir olunur, binada rənglənmə işləri aparılır. Binaların giriş hissələrində isə yeni dəmir qapılar qoyulacaq.
Son illər Lənkəranda 1 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binası üçün yeni bina tikilib, 15 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasında əsaslı təmir, bərpa-gücləndirmə və 360 binada isə dam örtükləri dəyişdirilərək yenidən qurulması işləri aparılıb.
Bu il daha 3 qəzalı vəziyyətdə olan binada təmir, bərpa-gücləndirmə işləri bu günlərdə başa çatdırılacaq, 2 qəzalı vəziyyətdə olan çoxmənzilli binada təmir işlərinə başlanılacaq.
Rayon sakinləri onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya, koronavirus pandemiyası günlərində xüsusi karantin rejimi şəraitində evdə qalan, müəyyən ehtiyac hiss edən ayrı-ayrı vətəndaşlara, imtiyazlı ailələrə göstərilən maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.