Lənkəranda “Kia Motors Azərbaycan”ın rəsmi diler mərkəzi fəaliyyətə başlamışdır
Bakı, 19 dekabr (AZƏRTAC). “Kia Motors Korporasiyası”nın ölkəmizdə rəsmi distribütoru olan “Kia Motors Azərbaycan” şirkəti diler şəbəkəsinin genişləndirilmə siyasətinə sadiq qalaraq Lənkəranda da rəsmi diler mərkəzi açmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Astara şosesində yerləşən yeni diler mərkəzinin geniş sərgi salonunda “Kia”nın tam model sırasını nümayiş etdirmək mümkündür. Yaxın zamanda bu diler mərkəzi, həmçinin servis xidmətləri və ehtiyat hissələrinin satışını təşkil edəcəkdir.
Açılış mərasimində iştirak edən “Kia Motors Azərbaycan” şirkətinin brend meneceri Zəka Əlibəyov qeyd etmişdir ki, 2005-ci ildə distribütor kimi fəaliyyətə başlayan “Kia Motors Azərbaycan” qısa müddətdə böyük uğurlara imza atmışdır. Bu illər ərzində Azərbaycanda minlərlə “Kia” avtomobili satılmışdır. İnanıram ki, Lənkəranda işə başlayan yeni diler mərkəzinin fəaliyyəti nəticəsində “Kia” avtomobilini sevənlərin sayı ildən-ilə artacaqdır. Yaxın vaxtlarda servis mərkəzi fəaliyyətə başladıqdan sonra, bu mərkəz “Kia”nın iri regional mərkəzinə çevriləcək və cənub regionunda “Kia” brendinin mövqelərini daha da gücləndirməyə imkan verəcəkdir. Gələn ildə isə “Kia”nın əsas məqsədi regionlarda öz satış və servis şəbəkəsini gücləndirməkdən ibarət olacaqdır. Bu proqram çərçivəsində Gəncədə də özündə satışı, servisi və ehtiyat hissələrini birləşdirən daha bir “Kia” mərkəzinin açılmasını planlaşdırırıq.
Beləliklə də, yeni mərkəzin istifadəyə verilməsi ilə “Kia Motors Azərbaycan” şirkəti ölkə üzrə satış nöqtələrinin sayını 14-ə çatdırmışdır.