LƏNKƏRANDA ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 7-də N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 2006-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilmişdir. İştirakçılar əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi və əklillər qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Sonra idarə, müəssisə və təşkilatların rəhbərləri və qonaqlar teatrın foyesində təşkil olunan rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olmuşlar.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov 2006-cı ili Azərbaycan xalqı, o cümlədən, lənkəranlılar üçün uğurlu il kimi səciyyələndirmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının işsizliyin aradan qaldırılmasına, yoxsulluğun azaldılmasına, sahibkarlığın inkişafına, irimiqyaslı iqtisadi və sosial layihələrin reallaşmasına, nəqliyyat və yol infrastrukturunun təkmilləşdirilməsinə, eləcə də digər quruculuq işlərinin görülməsinə əlverişli şərait yaratdığını bildirmiş, dövlətimizin başçısının bölgələrə müntəzəm olaraq səfərlər etməsinin, görülmüş işlərlə və problemlərlə yerində tanış olmasının əhəmiyyətindən danışmışdır.
Azərbaycan Prezidentinin 2006-cı ildə iki dəfə Lənkərana səfər etməsini və bu səfərlər zamanı ümummilli lider Heydər Əliyev xatirə parkının, Regional Dioqnostika Mərkəzinin, tikiş fabrikinin, dənizkənarı bulvarın, uşaq əyləncə mərkəzinin, xalq sənətkarlığı şəhərciyinin, 15 min tamaşaçı yeri olan örtülü futbol stadionun açılışlarındakı iştirakını rayon əhalisinə göstərilən yüksək diqqət və qayğı olduğunu deyən icra başçısı, yola saldığımız ildə rayonun makroiqtisadi göstəriciləri, qazanılmış nailliyyətlər və işdə yol verilmiş nöqsanlar barədə danışmışdır.
Qeyd olunmuşdur ki, 2006-cı ildə Lənkəran rayonunda iqtisadiyyatın bütün sahələri üzrə ümumi məhsul istehsalının həcmi əvvəlki il ilə müqayisədə 32,1 faiz, tikinti-quraşdırma işlərinin həcmi 2,6 dəfə, əmtəə dövriyyəsi 11,6 faiz, əhalinin hər bir nəfərinə düşən pul gəlirləri 15,4 faiz artmışdır.
Ötən il rayonda 1515 daimi iş yeri açılmış, 5500 nəfər isə mövsümi işlərə cəlb olunmuşdur. İş yerləri ilə təmin olunanlardan 1460 nəfəri yeni yaradılmış müəssisələrdə çalışanlardır.
Hesabat dövründə rayonun Digah, Şilavar və Xarxatan kəndlərinə təbii qaz xətti çəkilmiş, 1225 metr uzunluqda su xətti bərpa edilmiş, Xanbulan dəryaçasından 4 kilometr uzunluğunda su xəttinin çəkilişinə başlanmışdır.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Lənkəranın Liman şəhərində 1200, Digah kəndində 320 şagird yeri olan yeni məktəblər istifadəyə verilmiş, Osman Mirzəyev adına qarışıqtipli uşaq evi əsaslı təmir edilmişdir. Ötən il, həmçinin Viravul kəndində 192, Bürcəli kəndində isə 120 şagird yeri olan yeni məktəb binaları inşa edilmişdir.
Yığıncaqda çıxış edənlər əldə edilmiş nailiyyətlərlə yanaşı, yol verilmiş nöqsanları və mövcud problemləri də ətraflı təhlil etmiş, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair təkliflərini bildirmişlər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov yığıncaqda çıxış edərək Lənkəran rayonunda bütün sahələrdə yeniləşmənin hiss olunduğunu bildirmiş, şəhər icra hakimiyyətinin bir illik fəaliyyətinin qənaətbəxş olduğunu vurğulamışdır.
Tarif Şurasının qiymətlərin tənzimlənməsinə dair qərarından sonra Azərbaycan Prezidentinin imzaladığı sərəncamların əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirən Z.Əsgərov, son üç ildə ölkəmizdə əmək haqlarının 5,6 dəfə artdığını, Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırmışdır.
Yığıncaqda müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
Tədbirdə Milli Məclisin deputatları Hadi Rəcəbli, Rüfət Quliyev, Cavanşir Paşazadə, Prezidentin İcra Aparatının məsul işçisi Mikayıl Hüseynov iştirak etmişlər.
Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sonda “Lənkəranın dünəni, bu günü və sabahı” sənədli filmi nümayiş etdirilmişdir.