Lənkəranda “Qırmızı kitab”a düşən kəpənək aşkarlanıb
Bakı, 22 may, AZƏRTAC
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, “Hirkan milli parkı”na yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, aşkar olunan tırtıllar Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında yoxlamadan keçib və onun “Qırmızı kitab”da qeydiyyatda olan nadir Maxaon kəpənəyinin (popilio machaon L.) tırtılları olduğu müəyyənləşib.
Son dərəcə nadir növ olan Maxaon kəpənəyi (popilio machaon L.) Pulcuqluqanadlılar, yaxud Kəpənəklər (Lepidoptera Yelkənciklər - Papilinoidae) dəstəsinə aiddir.
Bu kəpənəklər daha çox Rusiyanın Volqoqrad əyalətində yayılıb. Meşə və meşəətrafı, bataqlıq və çay kənarları, becərilməyən, tərk edilmiş ərazilərdə müşahidə olunur və alaq otları üzərində yaşayıb çoxalır.
İl ərzində iki nəsil verir. Birinci nəsil may ayının ortalarından başlayaraq iyun ayının ortalarına qədər, ikinci nəsil isə iyun ayının II yarısından avqust ayının ortalarına qədər davam edir. Quru yamaclarda və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələrdə yaşayan kəpənəklər mayın sonu, iyunun əvvəllərində uçur. Yumurtaqoyma iyunda başlayır, tırtıllar iyulda endemik çətirçiçəklilərə mənsub olan bitkilər üzərində inkişaf edir.
Gizli həyat tərzi keçirən kəpənəklər gecələr qidalanır, gündüzlər isə bitkinin uzun silindr şəkilli yarpaqlarının qınlarında gizlənir. Əsasən pup halında çimlik ərazilərdə qışlayır.
Maxaon kəpənəyi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan Respublikasında “Qırmızı kitab”da qeydiyyatda olduğu üçün, onlara qarşı mübarizə aparmaq qadağandır. Hazırda təbiətdə bu növün 9 ərazidə qorunması tədbirləri aparılır. Bu həşəratlar Cənub-Şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.machaon L.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 metrə qədər yüksəkliyi olan dağlarda geniş yayılıb.
Kəpənəyin tırtılları kök, şüyüd, cəfəri, kələm və digər mədəni bostan tərəvəz bitkiləri ilə qidalanır.
Maxaon kəpənəyinin nadir növ olduğunu nəzərə alaraq, vətəndaşlardan xahiş edirik ki, həyətyanı sahələrdə bu kəpənəyin tırtılları müşahidə olunarsa, vurulan ziyanın qarşısını almaq məqsədilə onları əl ilə ehtiyatla yığaraq sahələrdən kənarda təbiətə buraxsınlar.