Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
Lənkəran, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Lənkəran rayonunun Girdəni kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cəlilabad Regional Mərkəzi və Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə FHN Cənub Regional Mərkəzinin, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin əməkdaşları, Lənkəran şəhər təhsil şöbəsinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Uşaq hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda çıxış etmişdir.
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəaları haqqında ətraflı məlumat verən Z.İsmayılov uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə qəbul olunan normativ sənədlər və həmin qanunvericiliyə uyğun olaraq bu sahədə görülən işlər, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyindən danışmışdır.
FHN Cənub Regional Mərkəzinin əməkdaşları “Fövqəladə hallar, təhlükəli vəziyyətlər və uşaq psixologiyası”, “Uşaqların təhlükəsizliyi və valideyn məsuliyyəti”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə halı baş verdikdə davranış formaları”, “112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” və “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir” mövzularında çıxış etmişlər.
Məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədi ilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.
Tədbirin sonunda “Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir!”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video-çarx nümayiş etdirilmiş, verilən suallar cavablandırılmışdır.