ELM VƏ TƏHSİL
LƏNKƏRANIN TƏHSİL VƏ TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ-ın Azərbaycanda həyata keçirdiyi “Dünyaya baxış” Beynəlxalq Humanitar Təşkilatın layihəsi çərçivəsində Lənkəran şəhərindəki 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə və 15 nömrəli uşaq bağçasında amerikalı pedaqoq, “Yuxuların çin olduğu yerdə” kitabının müəllifi Linda Lira və “Dünyaya baxış” təşkilatının nümayəndəsi, ABŞ-ın Azərbaycandakı səfirinin xanımı Lesli Harniş ilə görüş keçirilmişdir.
Rayonun təhsil və məktəbəqədər tərbiyə müəssisələrində çalışan müəllimlərin, tərbiyəçilərin və valideynlərin iştirak etdikləri tədbirlərdə xanım Linda Lira çıxış edərək fiziki cəhətdən qüsurlu uşaqların ümumtəhsil məktəblərində sağlam uşaqlarla birgə təhsil almalarını reallaşdırmağa xidmət edən 12 fəsildən ibarət “Yuxuların çin olduğu yerdə” kitabının yazılma səbəbi və məziyyətləri barədə iştirakçılara məlumat vermişdir.
Xatırladaq ki, Təhsil Nazirliyi Azərbaycan dilinə tərcümə olunmuş həmin kitabın əlavə dərs vəsaiti kimi ümumtəhsil məktəblərində tədrisini tövsiyə etmişdir.