LERİKDƏ QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQLAƏLAQƏDAR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Füzuli Hacıyev çıxış edərək, dekabrın 1-də Prezident sarayında dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qış mövsümünə hazırlıqla əlaqədar qarşıya qoyulan vəzifələrdən danışmış, rayon əhalisinin elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması və istifadə edilmiş enerji haqlarının yığılması sahəsində görülən işlər barədə iştirakçılara məlumat vermişdir.
Yarandığı dövrdən ilk dəfə olaraq, Lerik rayonuna qaz xəttinin çəkilməsini Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğının təzahürü olduğunu bildirən icra başçısı, rayonun yaşayış məntəqələrinə qaz xəttinin çəkilişinin davam etdirildiyini, sayğacların quraşdırılmasının əhali tərəfindən razılıqla qarşılandığını bildirmiş, noyabr ayında istifadə edilən qaz haqqının 104 faiz yığıldığını vurğulamışdır.
Ötən aylara nisbətən noyabr ayında elektrik enerjisindən istifadəyə görə yığılan haqqın məbləğinin artaraq 62 faizə çatdığını bildirən F.Hacıyev, bu sahədə yol verilmiş nöqsanları, mövcud problemləri diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, rayonda elektrik enerjisindən istifadə edən 8600 abonentin yalnız 2070-də sayğac quraşdırılmış, elektrik xətlərində olan nasazlıqların vaxtında aradan qaldırılması üçün rayon paylayıcı elektrik şəbəkəsinin işçiləri lazımi təşəbbüskarlıq göstərmirlər. Bu cür hallar isə əhalinin haqlı narazılığına səbəb olur.
Toplantıda qış mövsümünə hazırlıqla əlaqədar rayon qaz istismarı idarəsinin müdiri Aqil Sucayevin və paylayıcı elektrik şəbəkəsinin müdiri Aydın Məmmədovun məlumatları dinlənilmişdir.
Müşavirənin sonunda icra başçısı qış mövsümünə hazırlıqla bağlı əhalinin elektrik enerjisi və təbii qazla fasiləsiz təminatında, istifadə edilən enerji haqlarının yığılmasında mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə rayonun idarə və müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir.