LEYSAN YAĞIŞLAR ŞAMAXIYA ZİYAN VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də başlanmış güclü leysan yağışları Şamaxı rayonunun bir sıra ərazilərində ciddi fəsadlar törətmişdir.
Leysan nəticəsində yaranmış sel suları Qobustan rayonu ilə sərhəd ərazidə, Bakı-Şamaxı-Yevlax magistral yolunun 112-ci kilometrində avtomobillərin hərəkətini dayandırmış, yol bir neçə saatlığa bağlanmışdır.
Rayonun Sabir qəsəbəsinə də xeyli ziyan dəymişdir. Belə ki, 10-dan çox evi su basmış, sakinlər üçün ciddi təhlükə yaranmışdır.
Təbii fəlakətlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası operativ tədbirlər görərək ağır texnikanın köməyi ilə magistral yolu təmizləmiş, avtomobillərin hərəkətini bərpa edilmişdir. Sabir qəsəbəsində su basmış evlərin sakinləri köçürülmüşdür.
Təbii fəlakətin vurduğu ziyan müəyyənləşdirilir, nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.