Leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib
Bakı, 9 aprel, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Qaradağ Rayon Gənclər və İdman İdarəsi və “IDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunan leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirin açılış mərasimində Milli Məclisin deputatı Aydın Hüseynov, şəhidin atası Mərdan Həmidov, gənclər və idmançılar iştirak ediblər.
Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Rəsman Həmidovun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin ailəsinə minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib.
Sonda tələbə Şəbnəm Feyzili şəhid Rəsman Həmidovun “And içirəm - əsgər gedirəm” adlı şeirini səsləndirib.