LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Azərbaycan nümayəndə heyətinin üzvləri və biznes forumunun iştirakçıları!
İlk növbədə, Azərbaycan Prezidentinə və onu müşayiət edən böyük nümayəndə heyətinə, iş adamlarına Litvaya səfər etdiklərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu səfər sübut edir ki, ümumi məqsəd və maraqlar bizi biri-birimizə daha yaxın edir. Son bir neçə ildə iki dövlət arasında həm işgüzar ünsiyyət var, həm də eyni məqsədlərə nail olmaq üçün çox sıx əməkdaşlıq mövcuddur.
Bu gün Azərbaycan Prezidenti ilə söhbət zamanı biz həm beynəlxalq məsələləri, həm işgüzar münasibətlərin genişləndirilməsi, həm də mədəniyyət sahəsində əməkdaşlığın intensivləşdirilməsi üçün real imkanları nəzərdən keçirdik. İfadə olunan fikir və planlar çox aydın və çox konkretdir, çünki Azərbaycan öz enerji ehtiyatlarını təkcə Litvaya deyil, ümumiyyətlə, bütün Avropa İttifaqının bazarına çıxarmaq arzusundadır.
Əlbəttə, şərt o deyil ki, bu iş sabah və ya o biri gün reallaşsın - belə məsələlərdə 5 və hətta 10 il böyük müddət deyildir. Lakin bu məsələlərin hamısı çox vacibdir. Aydındır ki, Azərbaycan ümumavropa bazarına çıxmaqla Litvaya da çıxış əldə edəcəkdir. Mən həm də məmnun olduğumu bildirmək istəyirəm ki, Prezident İlham Əliyev Klaypedaya da gedəcəkdir. Bu, daha sıx əməkdaşlıq, işgüzar adamların ünsiyyəti və birbaşa əlaqələrin yaranması üçün yol açacaqdır. Bu da, öz növbəsində ölkəmizin həyatı və inkişafı üçün vacib olan enerji daşıyıcıları ilə təmin olunmağımıza kömək edər.
Lakin biz təkcə bu məsələləri müzakirə etməmişik. Mədəni və elmi əməkdaşlığın da genişlənməsinin vaxtı çatmışdır.
Bu forumun iştirakçılarını bir daha təbrik edirəm, qonaqlarımıza hörmət və ehtiramımı bildirmək istəyirəm. Əminliklə deyə bilərəm ki, bir neçə il bundan öncə başlanan bu əməkdaşlığın möhkəm təməli var və gələcəyə inamla baxmaq olar. Bu forumda hamınıza uğurlar arzulayıram!