RƏSMİ XRONİKA
Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən
Hörmətli cənab Prezident!
Anadan olmağınızın əlli illiyi münasibətilə səmimi təbriklərimi lütfən qəbul edin. Sizə və ailənizə böyük xoşbəxtlik, qüvvət və möhkəm cansağlığı arzulayıram. Azərbaycanı sülh, rifah və təhlükəsizlik yolu ilə irəli aparmaqda Sizə böyük uğurlar diləyirəm.
Bu ilin may ayında Azərbaycana səfərimi və apardığımız səmimi söhbəti böyük ehtiramla xatırlayaraq, qəti şəkildə ümidvar olduğumu bildirmək istəyirəm ki, ikitərəfli əməkdaşlıq dövlətlərimizin rifahı naminə davam edəcək, ölkələrimizin, eləcə də xalqlarımızın firavanlığına və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəkdir. Mən, həmçinin Litva ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə yetirdiyiniz şəxsi diqqətə və verdiyiniz dəstəyə görə minnətdaram. Bu dəstək olmadan qazandığımız böyük nəticələrin əldə edilməsi çox çətin olardı.
Yaxşı bilirəm ki, Litva ilə Azərbaycanın işgüzar dairələrinin, alimlərinin və ictimai xadimlərinin ikitərəfli təmasların daha da inkişaf etdirilməsi ilə bağlı bir çox maraqlı ideyaları vardır. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni dialoqun təşviq edilməsini arzulayaraq, fürsətdən istifadə edib, Sizi lütfən Litvaya səfərə dəvət edirəm.
Ad gününüz münasibətilə Sizi bir daha təbrik edir və Yeni il münasibətilə ən xoş arzularımı çatdırıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Dalya Qribauskayte
Litva Respublikasının Prezidenti