DÜNYA
LİVİYA “LOKERBİ İŞİ” ÜZRƏ KOMPENSASİYALARIN ÖDƏNİLMƏSİNİ DAYANDIRMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Liviya xatırlatmışdır ki, ABŞ Cəmahiriyyəyə qarşı sanksiyalarını mayın 12-dək götürməsə, Lokerbi səmasında baş vermiş aviasiya qəzası qurbanlarının ailələrinə kompensasiyaların ödənilməsini dayandıra bilər. Liviya hökumətinin başçısı Şükri Qanem ”Nyu-York tayms” qəzetinə müsahibəsində demişdir: “Birləşmiş Ştatlar kütləvi qırğın silahı hazırlanmasından imtina etməyimizə cavab olaraq, qərarları sürətlə qəbul etməlidir”.
BMT ötən ilin sentyabrında – Liviya 1988-ci ildə Lokerbi (Şotlandiya) səmasında “Pan Ameritka” şirkətinə məxsus təyyarədə baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürdükdən sonra, - qəza nəticəsində 270 adam həlak olmuşdu, - Tripoliyə qarşı beynəlxalq sanksiyaları ləğv etmişdir.
Buna baxmayaraq, ABŞ-ın Liviyaya qarşı sanksiyaları qüvvədə qalır. Liviya həlak olmuş hər bir sərnişinin ailəsinə 10 milyon dollar ödəməyi öz üzərinə götürmüşdü. Lakin sazişin şərtlərinə görə, ABŞ embarqonu 2004-cü il mayın 12-dək götürməsə, Liviya kompensasiyaların ödənilməsini dondura bilər.
İndiyədək Liviya həlak olmuş hər bir sərnişinin ailələsinə 4 milyon dollar ödəmişlər.