Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilib
Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yeni mənzillərlə təminatı işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, dekabrın 24-də nazirlik tərəfindən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində daha 200 mənzilin həmin kateqoriyalardan olanlara təqdim edilib.
Təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət bütün istiqamətlərdə ölkəmizə mühüm tarixi uğurlar qazandırıb, respublikamızın sürətli sosial-iqtisadi inkişafına səbəb olub. Dövlətimizin başçısının apardığı siyasətin mərkəzində insan amilinin dayanması Azərbaycanın sosial dövlət statusunun, ölkədə dinamik inkişaf şəraitində aparılan sosial siyasətin ildən-ilə güclənməsinə, respublikada etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan verib.
Nazir diqqətə çatdırıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsi, o cümlədən onların mənzillə təminatı istiqamətində tədbirlərin gücləndirilməsi də bu sahədə ölkə rəhbərinin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir. Həmin qayğının növbəti göstəricisi kimi, bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün müvafiq vəsait ayrılıb və beləliklə, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla, 626 mənzilin verilməsi təmin edilib. 2019-cu ildə isə azı 800 şəhid ailəsinin və Qarabağ müharibəsi əlillinin mənzillə təminatı həyata keçiriləcək. O, Prezidentin doğum günündə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 200 mənzilin təqdim edilməsinin həmin kateqoriyadan olanlara daha bir qayğı və hədiyyə kimi dəyərləndirib. Nazir bu sahədə görülən tədbirlərin, ümumən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün bütün istiqamətlərdə aparılan işlərin qarşıdakı dövrdə uğurla davam etdiriləcəyini bildirib.
Yeni mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim onlara xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklərini və xoş arzularını ifadə ediblər. Onlar həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlərə, xüsusilə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində onlara mənzillər hədiyyə edilməklə böyük fərəh hissi bəxş olunduğuna görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Sonra mənzillərin püşkatma yolu ilə paylanması həyata keçirilib.