Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib
London, 18 dekabr, AZƏRTAC
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı təşkil edilən mərasimdə bu ölkədəki səfirliyimizin əməkdaşları, azərbaycanlı tələbələr, türk iş adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mərkəzin sədr müavini Sevil Aslanova Mədəniyyət Mərkəzinin məqsədi və vəzifələri haqqında məlumat verib. Bildirib ki, bu, Böyük Britaniya üzrə ilk mədəniyyət mərkəzi sayılır. Mərkəzin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlıları bir araya toplamaqdır. Mərkəzin başqa şəhərlərdə də filiallarının fəaliyyət göstərməsi planlaşdırılır. Mərkəz 4 şöbədən ibarətdir: ictimai əlaqələr, mədəniyyət, idman və gənclər şöbələri. Bu şöbələrin daxilində də bölmələr fəaliyyət göstərəcək. Bölmələrdə Azərbaycan dili, rəsm, musiqi, milli rəqs, xalçaçılıq, toxuma, idman və 3-6 yaşlı uşaqlar üçün təlim kursları yaradılacaq. Azərbaycan radiosunun yaradılması da əsas məqsədlərdən biridir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London