LONDONDA “MUSİC FROM AZERBAYJAN” (AZƏRBAYCAN MUSİQİSİ) ADLI MUSİQİ ALBOMU BURAXILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Londonda fəaliyyət göstərən "ARC Music" şirkəti Azərbaycan musiqisi ilə yaxından maraqlanır. Hələ ötən il Londonda keçirilən tədbirlərin birində musiqili proqramla çıxış edən "Muğam müsabiqəsi-2005"-in finalçılarından biri - Qoçaq Əsgərov sözügedən şirkət nümayəndələrinin diqqətini cəlb etmişdir.
YUNESKO-nun eksperti, musiqişünas alim Sənubər Bağırovanın köməyi ilə konsertdən sonra Q.Əsgərovun yaradıcılığı ilə yaxından tanış olan "ARC Music" şirkətindən həmyerlimizə təklif gəlmişdir.
Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi və xalq artisti Arif Babayevdən dərs alan Qoçaq Əsgərov bildirmişdir ki, sözügedən şirkətin fəaliyyət dairəsi genişdir. Hələ Azərbaycan musiqisi ilə tanışlıqdan öncə 100-ə yaxın ölkənin folklor inciləri şirkət rəsmilərinin layihələrində əks olunmuşdur. Qoçaq Əsgərovla əməkdaşlıq edən şirkət nümayəndələrinin təşəbbüsü ilə bu günlərdə "Music from Azerbaijan" (Azərbaycan musiqisi) adlı musiqi albomu buraxılmışdır. "Sarı gəlin" ansamblının müşayiəti və Qoçaq Əsgərovun ifasında alboma "Mirzəhüseyn" segahı, "Qaragilə", “Heydər babaya salam" xalq mahnıları, "Şüştər" təsnifi və "Şüştər" rəngi, eyni zamanda zərb muğamı "Simayi-Şəms" daxil edilmişdir. Albomu maraqlı edən məqamlardan biri də oradakı yazılı məlumatlardır. Diskə kitabça şəklində əlavə olunan yazılar Azərbaycanın ərazi bütövlüyü, onun keçmişi və bu günü haqqındadır. Növbəti səhifələrdə isə musiqiçilərimiz və muğamlarımız barədə məlumatlar verilmişdir.
Şirkət təmsilçiləri albomda "Sarı gəlin" ansamblında fəaliyyət göstərən musiqiçilər barədə də söz açmışlar. Qoçaq Əsgərovla başlayan açıqlamalar, daha sonra nağara ifaçısı Kamran Kərimov, balaban çalan Şirzad Fətəliyev, tarzən Əliağa Sədiyev və kamança ifaçısı Elşən Mansurovla davam etdirilmişdir. Onların timsalında bu musiqi alətləri və onların imkanları barədə geniş informasiya dərc olunmuşdur.
"Sarı gəlin”i layihə şəklində dünyaya çatdırmaq iddiasında olan Qoçaq Əsgərov bildirmişdir ki, xalq mahnısı barədə geniş informasiyaya malik olan "ARC Music" şirkəti tarixə istinadla yazı dərc etmiş və bu materialı topluya daxil etmişdir. Eyni zamanda, nəşrdə diskdə yer alan musiqi nömrələri barədə məlumatlar da yazılmışdır.
Qoçaq Əsgərov qeyd etmişdir ki, layihəni maraqlı edən məqamlardan biri də diskin ikinci üzündə Azərbaycanın xəritəsinin əks olunmasıdır.
Xatırladaq ki, haqqında danışdığımız disk Avstraliyanın səsyazma studiyalarının birində buraxılmışdır.
######
