“Maarifçilik məktəbi”nə yekun vurulub
Bakı, 24 dekabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) gənclər arasında maarifçilik ideyalarının ənənələrinin təbliğinə və gənclərin aydın təfəkkürdə formalaşmasına hesablanmış “Maarifçilik məktəbi”nə yekun vurub.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı keçirilən görüşdə layihənin son qonağı, qhtxeber.az portalının baş redaktoru, NLP ustası Sənan Nəcəfov iştirakçılara “Bədən dili” və “İlk dəqiqədə özünü təqdimat bacarığı” mövzularında təlim proqramını tədris edib. O, həmçinin gənclərin inkişafı, onların ictimai mühitə faydalarının təmin edilməsi, maarifçilik ideyalarının təbliği haqqında söhbət açıb.
“Maarifçilik məktəbi”nin bağlanış mərasimində çıxış edən GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki, bu gün Mərkəz olaraq Azərbaycan cəmiyyətinə 45 məzun vermək olduqca qürurludur. Əminəm ki, gənclərimiz maarifçilik ideologiyasının təbliği istiqamətində olan uzun vətəndaş cəmiyyəti yolumuzda bizlərə yol yoldaşı olacaqlar.
Sonra məktəbi uğurla yekunlaşdıran iştirakçılar diplomla təltif olunub.
Qeyd edək ki, “Maarifçilik məktəbi” proqramının davamı olaraq dekabrın 25-də GTV-in təşkilatçılığı ilə Quba rayonunda Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçiriləcək.