DÜNYA
Macarıstan hökuməti qış tətillərinin uzadılması hesabına qaza qənaət edir
Budapeşt, 10 oktyabr, AZƏRTAC
Elektrik enerjisi xərclərinə qənaət edilməsi məqsədilə Macarıstanda tələbələrin və şagirdlərin qış tətilləri uzadılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb.
Beləliklə, qış tətilləri dekabrın 22-dən yanvarın 8-nə kimi davam edəcək. Gənclər və uşaqların təhsil proqramından geri qalmaması üçün payız tətilləri ləğv ediləcək. Şagirdlər və tələbələr istirahət etmədən təhsillərini davam etdirəcək, lakin onlar soyuq yanvar ayında daha çox istirahət edəcəklər.
Bir çox ailələr valideynlərin işlədiyi, uşaqların isə təhsil aldığı vaxtlarda evdə olmurlar. Günün bu vaxtında kombi istilik sistemi adətən söndürülür və qaz sayğacı işləmir. Görünür ki, hökumət payız tətilləri hesabına qış tətillərini uzadaraq əlavə xərclər yükünü öz çiyinlərindən vətəndaşların çiyinlərinə qoymağı qərara alıb.
Hökumətin mətbuat xidmətindən bildiriblər ki, məktəb tətilləri ilə eyni vaxtda dövlət inzibati idarələrində də fasilə elan ediləcək, bu da öz növbəsində elektrik enerjisinin əhəmiyyətli dərəcədə qənaətinə gətirib çıxaracaq. İdarələrin əməkdaşları bu müddət ərzində məzuniyyət günlərini götürmək məcburiyyətində qalacaqlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt