MACARISTAN JURNALİSTLƏRİ AZƏRBAYCANA SƏFƏRİN NƏTİCƏLƏRİNDƏN MƏMNUN QALMIŞLAR
Düzdür, Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. Neft strategiyası bəhrəsini verir, regionlarınız inkişaf edir, yeni infrastruktur yaranır, insanların rifah halı yaxşılaşır, dövlət qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı göstərir. Amma bu azdır, düşünürük ki, bu insanlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Onlar üçün bu çox vacibdir. Bunun üçün isə münaqişə tezliklə öz ədalətli həllini tapmalıdır.
Əmin ola bilərsiniz ki, biz gördüklərimiz barədə macar xalqına, ictimaiyyətinə doğru və ətraflı məlumatlar çatdıracağıq.
Sonra, jurnalın baş redaktoru Zoltan Kiss, nüfuzlu “Metro” qəzetinin redaktor müavini İştvan Kulçar səfər təəssüratlarını bölüşmüşlər. Macarıstan jurnalistləri Azərbaycanın bugünkü inkişafından, həyata keçirilən xarici siyasətin aspektlərindən, ordu quruculuğundan, Azərbaycan əsgərlərinin NATO-nun tədbirlərindəki iştirakından məmnunluqla danışmışlar. Jurnalistlər Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafına da toxunmuşlar. Bildirilmişdir ki, Azərbaycanın Avropaya inteqrasiyası, Avropa ölkələri ilə xoşniyyətli əlaqələr qurması təqdirəlayiqdir. Macarıstanla Azərbaycan arasındakı dostluq əlaqələri inkişaf etdirilməlidir. Bunun üçün jurnalistlər əllərindən gələni etməlidirlər.
Macarıstanlı jurnalistlər Azərbaycan Silahlı Qüvvələrinin Budapeşt məhkəməsində mühakimə olunan baş leytenantı Ramin Səfərovla bağlı məsələyə də münasibət bildirmişlər. Qeyd etmişlər ki, Macarıstan məhkəmələri müstəqildir və onlara heç kim təzyiq göstərə bilməz. Dövlət ittihamçısının müttəhimə 30 il həbs cəzası istəməsi də hələ son deyildir. R.Səfərovun məcburi köçkün ailəsinin üzvü kimi necə ağrı-acı çəkdiyi başa düşülməlidir. Ümid edirik ki, məhkəmədə bu amil unudulmayacaq və ədalətli qərar qəbul olunacaqdır.
Sonra jurnalistlər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.