MACARISTANIN APARICI QƏZETİ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YUBİLEYİ HAQQINDA MƏQALƏ DƏRC ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Budapeştdə çıxan nüfuzlu “Nepszabadsaq” qəzetinin 27 may tarixli nömrəsində Macarıstan jurnalistikasının tanınmış simalarından olan Yojef Farkaşın Azərbaycan haqqında, ölkəmizdə Xalq Cümhuriyyətinin 90 illik yubileyi barədə məqaləsi dərc edilmişdir.
Yubiley ərəfəsində jurnalist Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənova müraciətlə bu əlamətdar tarixi şərh etməsini xahiş etmişdir. Y.Farkaş yazır ki, səfir öz müsahibəsində, ilk növbədə, diqqəti ona cəlb etmişdir ki, onun vətəni müstəqilliyini bərpa edəndən sonra bütün qonşuları ilə yaxşı münasibətlər qurmuşdur. Ermənistanla münasibətlər barəsində isə bunu demək olmaz: bu təcavüskar dövlət Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyinə, eləcə də Xocalı sakinlərinə qarşı soyqırımı törətdiyinə görə artıq uzun illərdir ki, Ermənistan-Azərbaycan münasibətləri “dondurulmuş münaqişə” vəziyyətindədir.
Qəzet səfirin aşağıdakı sözlərini sitat gətirir: “Biz hələlik münaqişəni dinc yolla həll etməyə çalışırıq. Lakin erməni qoşunları ölkəmizin ərazisindən çıxarılmadan, bizim ərazi bütövlüyümüz bərpa edilmədən münaqişənin həlli mümkün deyildir”.
Daha sonra müəllif H.Həsənova istinadla qeyd edir ki, Azərbaycan Avropa İttifaqı ilə yaxşı münasibətdədir. Nabukko layihəsi həyata keçiriləcəyi təqdirdə bu münasibətlər iqtisadi baxımdan daha da dərinləşəcəkdir. Azərbaycanın qaz ehtiyatları bütün layihənin uzun illər boyu təmin olunması üçün kifayətdir. Layihənin həyata keçirilməsi isə onun yaradılmasında marağı olan tərəflərin səylərindən asılıdır.
Müəllif yazır ki, səfir H.Həsənov Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı məsələsi üzərində ətraflı dayanaraq qeyd etmişdir ki, bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştə rəsmi səfəri ilə əlaqədar, həmin münasibətlər yeni vüsət almışdır.