Madriddə V Beynəlxalq türk mədəniyyəti və sənətləri konfransında Azərbaycan alimlərinin məruzələri maraqla qarşılanmışdır
Bakı, 12 may (AZƏRTAC). Mayın 10-11-də İspaniyanın paytaxtı Madriddə V Beynəlxalq türk mədəniyyəti və sənətləri konfransı keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirmişlər ki, Madrid Muxtar Universitetinin nəzdində fəaliyyət göstərən İspaniya Orientalistlər Assosiasiyası, İspaniya Türk Assosiasiyası və Konya Fikir, Kültür, Sənət Adamları Birliyinin birgə təşkil etdikləri konfransda Türkiyə, İspaniya, Azərbaycan, Əfqanıstan və digər ölkələrdən nümayəndələr iştirak etmişlər.
Konfrans iştirakçıları Orta Asiyadan Avropaya qədər geniş ərazilərdə zəngin mədəniyyət yaratmış türk toplumunun keçmişi, bugünü və sabahı haqqında maraqlı məruzələrlə çıxış etmişlər.
Ölkəmizi konfransda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi direktorunun müavini Həbibə Əliyeva, arxeologiya elmi fondu şöbəsinin müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, xüsusi fondun mühafizi Afət Rüstəmbəyova təmsil etmişlər.
“Nadir şah və onun inşa etdirdiyi Orta əsr Ağsu şəhəri” mövzusunda məruzə ilə çıxış edən F.Xəlilli türk dünyasının son cahangirlərindən olan Nadir şahın tarixdə qeyd olunduğu kimi zalım, türk toplumuna düşmən mifinin qazıntılar zamanı aşkar olunmuş şəhər qalıqları və tapıntılarla ziddiyyət təşkil etdiyini bildirmişdir. Qazıntıların 40 hektarlıq şəhərin üç istiqamətində aparıldığı, XVIII əsrə aid tikililərin, bina qalıqlarının, küçə və yolların, sənətkar dükanlarının, qala divarlarının, hamam, kiçik ibadət otağı və qarşısında bulaq, su təchizatı, kanalizasiya xətti və s. aşkarlandığı konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. Dulus ustasının zövqlə hazırladığı bir kaşının üzərində nadir rast gəlinən miniatür sənətşünasların diqqətini xüsusilə cəlb etmiş və onun Əfşar dövrü miniatür sənətini canlandırdığı qeyd edilmişdir.
Muzeyin direktor müavini H.Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində qorunan daş və ağac oyma sənəti nümunələri, A.Rüstəmbəyova isə muzeydə mühafizə edilən qızıl, gümüş və digər əlvan metal saplarla tikilmiş, bəzədilmiş zərdüz parçalar haqqında məlumat vermişlər.
İspan alimlərinin çıxışlarında isə İpək Yolunun tarixi, bugünkü funksiyası, müsbət və mənfi istiqamətdə istifadəsindən yaranan imkanlar dəyərləndirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından, muzeylərindən çox sayda mədəni irs nümunələrinin bu və başqa yollarla Avropaya daşındığını və dünya elmi ictimaiyyətinin buna səssiz yanaşdığını konfrans iştirakçılarının nəzərinə çatdırmışlar.
Konfransın sonunda yekun Bəyannamə qəbul edilmişdir.