Maestro Niyazinin xatirəsi yad edilib VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 114-cü ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, bəstəkarlar Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.
Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətlərindən, zəngin yaradıcılıq irsindən və milli musiqi sənətinin dünyada tanıdılmasında rolundan danışıblar.
Çıxışlarda qeyd olunub ki, Niyazi özünəməxsus yaradıcılıq dəst-xəti, yüksək peşəkarlığı və sənətə bağlılığı ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyub. Onun dirijor və bəstəkar kimi fəaliyyəti milli musiqi məktəbinin inkişafına böyük töhfə verib. Sənətkarın əsərləri və ifaçılıq ənənələri bu gün də musiqi ictimaiyyəti tərəfindən yaşadılır.
Bildirilib ki, Niyazinin zəngin irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Onun sənət yolu Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindən biri kimi daim ehtiramla yad olunur.
Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.