Malayziyanın sabiq Baş naziri antikorrupsiya komissiyasının suallarını cavablandırıb
Tokio, 23 may, AZƏRTAC
Malayziyanın sabiq baş naziri Nəcib Razak 1MDB Regionların İnkişafı Dövlət Fondunda korrupsiya ilə əlaqədar ölkənin Milli Antikorrupsia Komissiyasına çağırılaraq dindirilib.
AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, Nəcib Razak həmin işdə şübhəli qismində ifadə verib. Onun ifadəsi hələlik açıqlanmır.
“Sabiq Baş nazir bu gün həbs edilməyəcək. Biz onu həbs etməzdən əvvəl daha iki nəfəri dindirməliyik. Bundan sonra o, ya həbs ediləcək ya da azadlığa buraxılacaq”, - deyə komissiyanın baş komissarı Mohd Şukri Abdul mətbuat konfransında bildirib.
2015-ci ildə fondda korrupsiyaya qarşı aparılan təhqiqat barədə təəssüratlarını jurnalistlərlə bölüşən baş komissar həmin vaxt N.Razakın rəhbərlik etdiyi hökumət tərəfindən ona qarşı göstərilən təzyiqlər barədə də məlumat verib. Bildirib ki, məhz bu təzyiqlər nəticəsində o Malayziyanı tərk edərək ABŞ-a yollanıb.
M.Ş.Abdul ABŞ-da da özünü təhlükəsiz hiss etmədiyini, Malayziya hökuməti agentlərinin onu izlədiyini və nəticədə onun polisin nəzarəti altında hərəkət etmək məcburiyyətində qaldığını danışıb. ABŞ-da olduğu müddətdə o, hökumət orqanlarının diqqətini 1MDB fondunda baş verən korrupsiya hallarına yönəldib.
Nəcib Razaka qarşı rəsmi ittiham irəli sürülməsə də, 2013-cü ildə yerli və beynəlxalq mətbuat fondun vəsaitinin bir hissəsinin onun şəxsi hesablarına və hakim koalisiyanın seçki kampaniyası fonduna köçürülməsi barədə jurnalist araşdırmalarının nəticələrini dərc edib. 1MDB fondunda korrupsiya təhqiqatı 2015-ci ildə dayandırılsa da, sonradan bərpa olunaraq Malayziya Ali Məhkəməsinin yurisdiksiyasına verilib.
2018-ci ilin aprelində Malayziya Ali Məhkəməsi fonddan 3,7 milyard dollar vəsaitin itməsi barədə faktı təsdiqləyəcək sübutlar tapa bilməyib. İttihamın rəyinə görə, məhz həmin məbləğ fonddan oğurlanıb. Həmin vaxt ölkənin baş prokuroru və antikorrupsiya komissiyasının rəhbəri N.Razakın fonddakı korrupsiyada iştirak etmədiyini bildiriblər.
Fondda baş vermiş oğurluq və sabiq Baş nazirin bunda iştirakı barədə məsələ Mahathir Məhəmmədin rəhbərlik etdiyi yeni hökumət tərəfindən qaldırılıb. M.Ş.Abdulun antikorrupsiya komissiyasının rəhbəri təyin edilməsi də yeni hökumətin ilk təyinatlarından biridir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio