Mali fransız hegemonluğundan necə qurtuldu?
Paris, 20 avqust, AZƏRTAC
2020-ci ilin avqustunda Malidə Fransa hərbi kontingentinin təxminən səkkiz il ərzində ölkədə olmasına qarşı kütləvi etirazlardan sonra dövlət çevrilişi baş verdi. Mali silahlı qüvvələri ölkədə fransız əsgərlərinin olmasına qarşı xalq etirazları fonunda dövlət çevrilişi həyata keçirdi. Dövlət çevrilişi 2013-cü ildə hakimiyyətə gəldikdən sonra fransapərəst siyasətinə görə tənqid edilən Prezident İbrahim Bubakar Keytanın devrilməsi ilə nəticələndi.
2013-cü il yanvarın 11-də rəsmi Paris “cihadçılar” və “separatçılar”la mübarizə bəhanəsi ilə Maliyə hərbi müdaxiləyə başladı. Lakin Fransanın hərbi mövcudluğuna baxmayaraq, separatçılar vaxtaşırı terror aktları törədir və təsir zonalarını daim genişləndirirdilər. İllər keçdikcə malililər daha çox anladılar ki, fransızların əsl məqsədi uran mədənlərinə və qızıl yataqlarına nəzarəti qoruyub saxlamaqdır.
Dövlət çevrilişi təkcə Malidə deyil, Niger və Burkina-Fasoda da Fransanın bu suveren dövlətlərə müdaxiləsinə qarşı etirazların artdığı vaxta təsadüf etdi.
Ancaq etirazlar xüsusilə Malidə kütləvi xarakter aldı. 2020-ci ilin yayına qədər ölkə faktiki olaraq dağıldı, separatçılar geniş ərazilərə nəzarəti ələ keçirdilər. Ordu ruhdan düşmüşdü, terrorizmə, separatizmə müqavimət göstərə bilmirdi. Məhz bu kontekstdə fransız qoşunlarının mövcudluğu əhali arasında geniş narazılıq yaratmağa başladı. Malili nümayişçilər Rusiya Prezidenti Vladimir Putinin portretlərini qaldıraraq rəsmi Moskvanı Malini fransız neokolonialistlərindən təmizləməyə, Suriyada olduğu kimi, orada da terror hücumlarına son qoymaq üçün qoşun göndərməyə çağırdılar. Kütləvi etiraz hərəkatı zamanı Mali ordusunun yüksəkrütbəli zabitləri üsyana rəhbərlik etdilər. Onların arasında çevik müdaxilə qüvvələri taborunun komandiri, bu gün keçid dövrü prezidenti olan polkovnik Assimi Qoita da var idi.
Malidə 2020-ci il 18 avqust tarixli dövlət çevrilişi 1960-cı ildə müstəqillik əldə etdikdən sonra beşinci belə çevriliş idi. Bundan sonra üsyançılar Mali hökumətinin ən ali instansiyasının - Xalq Qurtuluşu Milli Komitəsinin (NCSN) yaradıldığını elan etdilər. Komitə keçid dövründə ölkəyə rəhbərlik etməli və yeni ümumi seçkilərin keçirilməsinə hazırlaşmalı idi. Lakin avqust çevrilişinin radikal təşəbbüskarları ilə sentyabr seçkilərindən sonra hakimiyyətə gələn siyasətçilər arasında tədricən münaqişə yarandı. Avqust çevrilişindən doqquz ay keçməmiş ölkə siyasi qeyri-sabitliyin yeni mərhələsinə qədəm qoydu və bu, 2021-ci ilin mayında növbəti hərbi çevrilişə gətirib çıxardı. Bundan sonra vitse-prezident Assimi Qoita hazırda ölkəyə rəhbərlik edən keçid dövrünün prezidenti oldu.