Maliyyə-mühasibat mütəxəssisləri təlimə cəlb olunub
Naxçıvan, 15 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda keçirilən ikigünlük təlim başa çatıb.
Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 12 maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova əvvəlcə təlimin aktuallığı və mahiyyəti barədə danışaraq qeyd edib ki, təlimin keçirilməsində məqsəd muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.
Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılovanın “Məzuniyyət hüququ və onun həyata keçirilməsi qaydaları” mövzusunda elektron materiallarla zənginləşdirilmiş çıxışı olub. O, məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri və müddətləri, məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geri çağırılma və digər mövzuları diqqətə çatdırıb. Təlimin sonunda mövzulara uyğun olaraq test mərhələsi keçirilib.
Gündəliyə uyğun olaraq növbəti gün Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri - baş mühasibi Elvin Əlimərdanovun “Məzuniyyət hüququnun tənzimlənməsinin praktiki izahı” mövzusunda təqdimatı olub. Dinləyicilərə məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi, istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin ödənilməsi, məzuniyyət haqqı hesablanarkən nəzərə alınan və alınmayan əməkhaqqı növləri, məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydaları və digər modullar ətrafında lazımi məlumatlar verilib. Təlim praktiki işlə davam edib.
Sonda dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və biliklərin qiymətləndirilməsi mərhələsindən sonra yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.