Maliyyə Tədris Mərkəzində səhiyyə müəssisələrinin mühasibləri üçün təlim keçirilib
Naxçıvan, 9 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Səhiyyə müəssisələrində profilaktiki maliyyə nəzarətinin həyata keçirilməsi” adlı ikigünlük təlimdə səhiyyə sahəsində çalışan 12 maliyyə-mühasibat işçisi iştirak edib.
Maliyyə Tədris Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə mərkəzin direktoru Mehriban İmanova iştirakçılara təlimin aktuallığı və mahiyyəti barədə məlumat verib. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yoxlama zamanı mühasibat uçotunun aparılmasında pozuntuların olmaması üçün profilaktik tədbirlərin görülməsindən ibarətdir.
Mehriban İmanova qeyd edib ki, maliyyə nəzarəti dövlətin maliyyə siyasətinin uğurla həyata keçirilməsinə və dövlət büdcəsinin səmərəli istifadə olunmasına mühüm töhfə verir. Səmərəli maliyyə nəzarətinin həyata keçirilməsində isə mühasibat uçotunun təşkili mühüm rol oynayır.
Təlimin ilk günü Maliyyə Nazirliyinin əməkdaşı Xaqani Vəliyevin “Səhiyyə işçilərinin əməyinin ödəniş dərəcəsinin və ödəniş qrupunun müəyyən edilməsi” mövzusunda çıxışı olub. O, tibb müəssisələrinin rəhbərlərinin, baş tibb bacısının, əczaxana məntəqə müdirlərinin, həkim-mütəxəssislərin, eləcə də rezidentlərin müvafiq ixtisas tələblərinə uyğun olaraq əməyin ödəniş dərəcələrinin müəyyən edilməsi barədə dinləyicilərə məlumat verib.
Təlimin ikinci günündə “Səhiyyə işçilərinin vəzifə maaşlarına əlavələrin tətbiq edilməsi” mövzusunda çıxış olub, sağlamlıq üçün ağır və təhlükəli olan əmək şəraitinə, ixtisas dərəcəsinə, fasiləsiz əmək stajına və əmək şəraitinin xüsusiyyətinə görə vəzifə maaşına müvafiq əlavələrin ödənilməsi məsələləri praktiki olaraq izah edilib.
Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.