Malta və Azərbaycanın mədəni sahədə əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Malta Respublikasının UNESKO üzrə Milli Komissiyasının sədri Reymond Bondin arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini qonağı Malta Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan-Malta münasibətlərindən söz açıb. Görüşdə münasibətlərin son illər daha da dərinləşməsindən məmnunluq ifadə olunub.
Sevda Məmmədəliyeva ölkəmizin digər sahələrdə olduğu kimi, mədəni irsin qorunması, bərpası, təbliği və UNESKO çərçivəsində ortaq əməkdaşlıq sahəsində Malta hökuməti ilə qarşılıqlı əlaqələrin qurulmasında da maraqlı olduğunu qeyd edib.
Görüş zamanı Reymond Bondin ölkəmizin zəngin mədəni irsinin onda dərin təəssürat oyatdığını bildirərək, səfər müddətində bir sıra muzeylərdə, tarixi məkanlarda olduğunu vurğulayıb. Bildirilib ki, Çıraqqala, Nardaran, Mərdəkan və Ramana qalaları dünya mədəni irsi baxımından unikal abidələrdir. Çıraqqalanın unikallığı onun böyük bir müdafiə səddinin tərkib hissəsi olması və təbii landşaftının antropogen təsirlərinə az məruz qalmasıdır. Qonaq bu qalaların kompleks halında UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına salınmasının vacibliyini qeyd edib. Eyni zamanda Abşeron yarımadasında yerləşən “araba yolları”na bənzər abidələrin Maltada da olduğunu bildirən R.Bondin, bu abidələrin dünyaya tanıdılması və UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsi məqsədi ilə qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.
Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, əlaqələrin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.