DÜNYA
MARADONA KEÇMİŞ “GÖZƏLLİK KRALİÇASI”NDAN PULLA CANINI QURTARDI
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Fransa Polineziyasının Bora-Bora adasının keçmiş “Gözəllik kraliçası” Tumata Vaymarae məşhur futbolçu Diyeqo Maradona ona təxminən 3300 funt sterlinq ödədikdən sonra argentinalıya qarşı öz məhkəmə iddiasını geri götürmüşdür. Qızın iddiasına görə, gecə klubunda Maradonanın stəkanı onun üzünə atması nəticəsində xəsarət almışdır. Tumatanın dediyinə görə, həkimlər onun üzünə doqquz tikiş qoymuşlar.
Maradonanın və Vaymaraenin iştirakı ilə hadisə futbolçu öz qızı Canina və dostları ilə gecə klubunda əylənərkən baş vermişdir. Yerli müstəntiqin dediyinə görə, əvvəlcə Tumata və Canina öz aralarında dilləşmişlər, onların ikinci dəfə sözləri çəp gəldikdə isə, hansısa bir kişi Maradonanın qızına sillə çəkmişdir. Özünü qızının köməyinə yetirən Maradona əlinə keçən stəkanı həmin kişiyə tərəf atmış, lakin o, təsadüfən keçmiş “Bora-Bora gözəli”nə dəymişdir.
İş gedib məhkəməyə çıxsaydı, əfsanəvi futbolçu üç il müddətinə həbs cəzası ala bilərdi.