Marneulidə “Gəlin həmrəy olaq” adlı bayram tədbiri keçirilib
Tbilisi, 21 dekabr, AZƏRTAC
Bu gün Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramına həsr edilmiş “Gəlin həmrəy olaq” adlı bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram şənliyində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, parlamentin deputatları, şəhər sakinləri, eləcə də ətraf kəndlərdən gəlmiş ziyalılar, müəllimlər, gənclər iştirak ediblər.
Şənlikdə Şaxta baba və Qar qız qonaqları bayramlar münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.
Sonra Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva çıxış edərək dünya azərbaycanlılarına daha sıx birlik, xoşbəxtlik arzulayıb, soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq hər zaman biri-birlərinə dəstək olmalarının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən deputat Azər Süleymanov, səfirliyin məsul əməkdaşı Rəhim Rəhimzadə və başqaları Həmrəylik Günü və Yeni il münasibətilə Dünya Azərbaycanlılarını təbrik edib, xoş arzularını çatdırıblar.
Bayram tədbiri konsert proqramı ilə davam edib. Mərkəzdə təhsil alan gənclər Azərbaycan, gürcü və ingilis dillərində mahnılar səsləndirib, rəqslər ifa edib, səhnəciklər, akrobatik nömrələr göstərib, şeirlər söyləyiblər.
Şənlik çərçivəsində, həmçinin intellektual oyun keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi