Marneulidə kikboks üzrə çempionat keçirilib
Tbilisi, 28 fevral, AZƏRTAC
Marneulidəki "Azərbaycan Evi"ndə kikboks üzrə Gürcüstan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, "Nəbiyev Cup" peşəkar idman klubunun təşkil etdiyi yarışda Gürcüstanın bütün bölgələrindən azərbaycanlı, gürcü, çeçen, rus, ukraynalı, erməni və digər millətlərdən olan 150 idmançı mübarizə aparıb.
Çempionatda 13 yaşdan 25 yaşadək 30-90 kiloqram çəki dərəcəsində idmançılar güclərini sınayıblar.
Gürcüstanda yaşayan azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu "Nəbiyev Cup"ın direktoru Alim Nəbiyev AZƏRTAC-a müsahibəsində deyib ki, yarışı keçirməkdə əsas məqsəd yeniyetmələrin idmana marağını artırmaq, onları daha geniş arenada yarışlarına hazırlamaqdır.
Çempionatda 18 yaşdan yuxarı idmançılar arasında yarışlar daha maraqlı olub.
Kikboks və muaytay üzrə yarışda əsasən azərbaycanlı idmançılar qələbə qazanıblar.
Çempionat Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin və "Azərbaycan Evi"nin dəstəyi ilə keçirilib.
Sonda idmançılara kubok və medallar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi