Masallıda qaydaları pozan sürücülər və piyadalar barəsində qanunamüvafiq tədbirlər görülüb
Masallı, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərinin müxtəlif küçə və prospektlərində təşkil olunan reyd zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar, idarə etdiyi nəqliyyat vasitəsinə konstruksiya dəyişikləri edənlər aşkarlanıb.
Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin nəqliyyat vasitələrinin sürücüləri və piyadalarla izahat işləri aparılıb, onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə rayonda belə tədbirlər bundan sonra da davam etdiriləcək.